"Fevralın 28-də başlayan və getdikcə daha da qızışaraq regional miqyas kəsb edən ABŞ-İsrail və İran müharibəsinin hələlik ən mühüm nəticəsi İranın ali lideri ayətullah Əli Xameneinin öldürülməsidir. Hərbi əməliyyatların elə ilk saatlarında onun "Beyt-e rəhbəri" adlanan ofisinə endirilən hava zərbələri bir çox yaxınları və silahdaşları ilə birgə, Xameneinin də həyatına son qoydu. Onun ölməsi barədə məlumatlar fevralın 28-də bütün gün ərzində dolaşsa da, İran rəsmiləri hər dəfə bunu təkzib etdilər. Yalnız martın 1-də səhər tezdən dövlət televiziyası Xameneinin "şəhid olduğu" barədə Ali Milli Təhlükəsizlik Şurasının rəsmi məlumatını yaydı".