Oxu
Rəqəmsallaşan dünyada onlayn alış-veriş həyatımızın ayrılmaz bir hissəsinə, sosial şəbəkələr isə nəhəng virtual vitrinlərə çevrilib. Lakin sosial şəbəkələrdə bir kliklə edilən bu cəlbedici sifarişlər heç də həmişə təhlükəsiz sonluqla bitmir. Xüsusilə hüquqi statusu və əlaqə məlumatları olmayan sosial şəbəkə hesabları üzərindən, "kartdan-karta" köçürmə yolu ilə edilən alış-verişlər kiberdələduzluq və istehlakçı hüquqlarının pozulması riskini kəskin şəkildə artırır. Məsələnin aktuallığı və ciddiliyi yaxın günlərdə Bakıda keçirilən "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" mövzusunda forumda da xüsusi diqqət mərkəzində olub. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı çıxışı zamanı mühüm bir problemə toxunub: qeyri-rəsmi səhifələrin arxasındakı şəxslər hüquqi cəhətdən "sahibkar" kimi tanınmadığı üçün, aldadılan vətəndaşların hüquqlarını qorumaq və şikayətləri təmin etmək ciddi çətinliklər yaradır. Agentlik rəsmisi vətəndaşları rəsmi satış kanallarına üstünlük verməyə və satıcının hüquqi statusunu mütləq yoxlamağa çağırır.
Go to News Site