Oxu
İyunun 1-3-də keçirilən Bakı Enerji Həftəsi bu il də qlobal enerji, maliyyə və texnologiya sektorlarının aparıcı nümayəndələrini Bakıda bir araya gətirib. Tədbir çərçivəsində ilk dəfə təşkil olunan Azərbaycan-ABŞ İqtisadi Dialoqu isə iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə keçdiyini nümayiş etdirib. Forum zamanı Azərbaycan və ABŞ, eləcə də SOCAR, İqtisadiyyat Nazirliyi və bir sıra beynəlxalq şirkətlər arasında enerji, investisiya, maliyyə, texnologiya, süni intellekt və kritik minerallar sahələrini əhatə edən, ümumi dəyəri 7.5 milyard dollar olan sənədlər paketi imzalanıb. Razılaşmalar arasında kritik minerallar və nadir torpaq elementlərinin hasilatı və emalı üzrə əməkdaşlıq, "Abşeron" yatağından hasil olunacaq qazın uzunmüddətli əsasda Türkiyəyə satışı, TANAP layihəsinə investisiya dəstəyi, Serbiyada enerji infrastrukturunun qurulması, neft-qaz yataqlarının birgə araşdırılması, enerji layihələrinin maliyyələşdirilməsi, eləcə də süni intellekt və rəqəmsal texnologiyalar sahəsində tərəfdaşlıqlar yer alıb. Bununla yanaşı, SOCAR-ın "Shell", "Chevron", "JP Morgan", "Oracle" və "Lummus Technology" kimi qlobal şirkətlərlə imzaladığı sənədlər enerji və texnologiya sahələrində əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirib. Bəs bu razılaşmalar Azərbaycanın enerji sektoru və iqtisadiyyatı üçün hansı perspektivlər vəd edir?
Go to News Site