
Azərbaycan qlobal diplomatiyanın mərkəz ölkəsinə çevrilib - Şərh
Azərbaycan son illər beynəlxalq siyasətin xüsusi aktiv iştirakçısına çevrilib. Ölkəmiz artıq təkcə regional deyil, qlobal məsələlərin həllində də önəmli tərəfdaş kimi çıxış edir. Prezident İlham Əliyevin oktyabr ayı ərzində iştirak etdiyi beynəlxalq tədbirlər silsiləsi, önəmli mövqeyi bunun bariz göstəricisidir. Dövlət başçısı cəmi iki həftə ərzində dörd fərqli coğrafiyada, dörd müxtəlif formatlı mühüm tədbirlərdə iştirak edib. O, 1-2 oktyabrda Kopenhagendə Avropa Siyasi Birliyi Sammitində, 6-7 oktyabrda Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündə, 9-10 oktyabrda Düşənbədə MDB Sammitində və 12 oktyabrda Şərm əl-Şeyxdə Yaxın Şərq üzrə Sülh Sammitində iştirak edib. Bu ardıcıl beynəlxalq fəaliyyət Azərbaycanın çoxvektorlu və balanslı xarici siyasət kursunun təsdiqidir. Fərqli qütblər, siyasi mədəniyyətlər, müxtəlif maraq dairələri və bəzən bir-birinə zidd mövqelərə malik liderlər arasında Azərbaycan həm vasitəçi, həm də etibarlı dialoq platforması kimi çıxış edir.